“Azərişıq” ASC-nin komandası beynəlxalq yarışın qalibi olub
Bakı, 8 iyul, AZƏRTAC
Qarabağda – Hadrut qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Türkdilli dövlətlərin gənc energetikləri arasında "Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası" I Beynəlxalq Peşə Ustalığı Yarışması”nın davamı olaraq Tatarıstanda müsabiqə keçirilib.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Tetyuşi şəhərində Buinski elektrik şəbəkələrinin sınaq poliqonunda “2024-cü ilin ən yaxşı paylayıcı şəbəkələr briqadası” adı uğrunda təşkil olunmuş beynəlxalq seminar-müsabiqədə ASC-nin gənc mühəndisləri də iştirak ediblər. Yarışda Azərbaycanla yanaşı, təşkilatçı Tatarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan komandaları mübarizə aparıblar.
Yarışlar üç mərhələdə keçirilib. İştirakçılar 10 kV-luq Hava Elektrik Veriliş Xəttində (HEVX) baş verən qəza zamanı gərginlik altında qalmış şəxsin qaldırıcının köməyi olmadan xilas edilməsi, ona ilkin tibbi yardımın göstərilməsi, 10/0.4 kV-luq Komplekt Transformator Məntəqəsində (KTM) baş vermiş yanğının söndürülməsi mərhələləri üzrə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər. Verilən tapşırıqları birinci və ən dəqiq yerinə yetirən “Azərişıq” ASC-nin komandası beynəlxalq yarışın qalibi olub.
Türkdilli dövlətlərin gənc energetikləri arasında keçirilən yarışların 2025-ci ildə Özbəkistanda təşkil olunması qərara alınıb.