“Azərişıq” ASC-nin sədri Saatlıda vətəndaşlarla görüşüb
Bakı, 30 yanvar, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
“Azərişıq”dan AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Saatlı rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Şirvan RETSİ-nin Saatlı rayonunda yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.