“Azərreyl”in baş məşqçisi: Çağırış Kubokunun qalibi olmaq istəyirik
Bakı, 19 oktyabr, AZƏRTAC
“Növbəti mərhələyə yüksəldiyimiz üçün sevincliyik. Gözəl mübarizəyə görə bütün oyunçularımızı təbrik edirəm. Həmçinin bizə dəstək verən hər kəsə minnətdarlığımı bildirirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət "Azərreyl" komandasının baş məşqçisi Cengiz Akarçeşme Çağırış Kubokunun 1/32 final mərhələsində Bakıda Ukraynanın “Balta” klubuna qalib gəldikləri oyunlar barədə danışarkən deyib.
Türkiyəli mütəxəssis bildirib ki, növbəti hədəf 1/8 finala vəsiqə qazanmaqdır: “Bu istiqamətdə hazırlıqlarımızı ciddi şəkildə davam etdiririk. İspaniyanın “Avarka de Menorka” klubunu da mübarizədən kənarlaşdıracağımızı düşünürəm”.
O, İspaniya təmsilçisi ilə 1/16 final oyunundan öncə heyətə yeni voleybolçuların qoşulacağını söyləyib: “Qısa zamanda onları da komandaya uyğunlaşdırmağa çalışacağıq. Addım-addım irəliləmək istəyirik. İndiki hədəfimiz bu rəqibi keçməkdir. Əsas məqsədimiz isə finala çıxmaq və turnirin qalibi olmaqdır. Amma bu, uzaqdakı hədəfdir. Əvvəlcə yaxındakı hədəfə diqqət yetirməliyik. Hazırda İspaniya klubu ilə oyunları düşünürük, tamamilə bu matçlara köklənmişik”.
C.Akarçeşme Bakıdakı oyunlarla bağlı azarkeşlərə çağırış edib: “Ev matçlarında fanatlarımızın dəstəyi bizə əlavə güc verir. Onları tribunalarda gözləyirik. Arenaya gəlmək imkanı olmayanlar isə görüşlərimizi federasiyanın rəsmi yutub kanalı vasitəsilə izləyə bilərlər”.