“Azersky” peykindən “Bakı-2015”in oyun məkanlarının ən son görüntüləri əldə olunub
Bakı, 25 iyun, AZƏRTAC
“Azərkosmos” ASC-nin operatoru olduğu Yer səthinin məsafədən müşahidə peyki “Azersky” vasitəsilə “Bakı-2015”in oyun məkanlarının ən son görüntüləri əldə olunub.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Avropa Oyunları Parkı, Baku Crystal Hall, Heydər Əliyev adına İdman Sarayı, Tofiq Bəhramov adına Respublika Stadionu, Atletlər Kəndi, Bakı Su İdmanı Sarayının görüntüləri təqdim olunub. Həmçinin, “Azərkosmos” ASC-nin tərəfdaş şirkəti “Airbus Defence and Space” şirkətinin operatoru olduğu “Pleiades” peykindən əldə olunmuş və Bakı Olimpiya Stadionu inşaat prosesinin müxtəlif mərhələlərini əks etdirən təsvirlər verilib. Oyun məkanlarının şəkilləri http://www.azercosmos.az/wp-content/uploads/2015/06/Azersky_iyun2015.rar linkindən yüklənilir.
Qeyd edək ki, “Bakı-2015” birinci Avropa Oyunları zamanı rabitənin davamlılığı və televiziya yayımı “Azərkosmos” ASC-nin operatoru olduğu “Azerspace-1” peykinin resurslarından istifadə etməklə təmin olunur.