İQTİSADİYYAT
“Azerspace-1” layihəsi iqtisadi mənfəətlə fəaliyyət göstərir
Bakı, 30 iyun, Elvin Camalov, AZƏRTAC
“Azerspace-1” layihəsi iqtisadi mənfəətlə fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
O bildirib ki, Azərbaycanın “Azerspace-1” telekommunikasiya peykinin orbitə çıxarılması layihəsi iqtisadi məqsədyönlüyünü doğruldub. “Azerspace-1” peyki dünyanın peyk sistemləri arasında öz yerini tutub.
““Azerspace-1” telekommunikasiya peykinin resurslarından bir çox ölkələr istifadə edir və onların sayı daim artır. Hazırda “Azerspace-2” telekommunikasiya peykinin inşası üzərində işlər aparılır. Bu peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır”, - deyə E.Vəlizadə vurğulayıb.
Nazir müavini, həmçinin qeyd edib ki, Azərbaycanda rəqəmsal yayıma tam keçid müəyyən texniki və təşkilati məsələlərin həllini tələb edir. Hazırda yaradılmış rəqəmsal TV infrastrukturunun hazırlığı yüksək səviyyədədir və ölkə əhalisinin təqribən 99 faizi rəqəmsal siqnal yayımı ilə əhatə olunub.