SİYASƏT
AZƏRTAC və Misirin MENA xəbər agentliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev ilə Misirin MENA agentliyinin baş direktoru Əli Həsən Muhəmməd Əbdülbaqi arasında fevralın 6-da keçirilən görüşdə əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub.
Vüqar Əliyev dəyişən informasiya mühitində etibarlı xəbər mənbələrinə ehtiyacın dəfələrlə artdığını vurğulayıb və bu baxımdan aparıcı agentliklər arasında əməkdaşlığın böyük rolunun danılmaz olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, sosial şəbəkələr və süni intellektdən istifadə edərək feyk xəbər və dezinformasiya yayan mənbələrin qarşısını yalnız birgə fəaliyyət və sıx informasiya mübadiləsi ilə almaq mümkündür.
Görüşdə müasir media tendensiyaları, sosial medianın mətbuata təsirləri və digər məsələlər müzakirə olunub.