İQTİSADİYYAT
“Azexport”un “Elektron Ticarət” və “İxrac prosedurları” mövzusunda təlimi davam edir
Bakı, 14 fevral, AZƏRTAC
“Azexport”un “Elektron Ticarət” və “İxrac prosedurları” mövzusunda təlimi davam edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, mərkəzin “Azexport.az” portalı “International Trade Centre” (ITC) ilə birgə ötən ilin noyabrında təşkil olunan “Elektron Ticarət” və “İxrac prosedurları” üzrə təlimlərin ikinci mərhələsinə başlayıb.
Təlimlər İİTKM-nin və ITC-nin dəvət etdiyi xarici ekspertlər tərəfindən fevralın 19-20-də keçiriləcək. ITC-nin ekspertləri Mohamed Es Fih, Tidiane Diop, Eldar Adilzadə tərəfindən ötən təlimdə əldə olunan bilik və bacarıqların möhkəmləndirilməsi və yeni biliklərin əldə olunması istiqamətində təlim-tədris işləri aparılacaq. İştirakçılara malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə prosedurlar barədə ətraflı məlumat veriləcək, həmçinin bu sahə üzrə fəaliyyət göstərmək istəyən iştirakçılarla praktik işlər görüləcək.
“Azexport” portalı daxil olan sifarişlərin idarə edilməsi və sahibkarların elektron ticarət biliklərinin artırılması məqsədilə müntəzəm olaraq təlimlər təşkil edir. Təlimdə iştirak etmək istəyən şəxslər https://www.e-trade2019.ereforms.org linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.