AzMİ nümayəndələri Polşada beynəlxalq konfransda iştirak ediblər


Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri Polşanın Kielce şəhərində “Metrologiyada süni intellekt” mövzusunda təşkil olunan beynəlxalq konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda Almaniya, İtaliya, Latviya, Litva, Macarıstan, Niderland, Portuqaliya, Rumıniya, Slovakiya, İsveç, Polşa və Ukraynanın milli metrologiya qurumlarından nümayəndələr iştirak ediblər.
Tədbirdə ölkəmizi Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov və İnstitutun Qabaqcıl texnologiyalar sektorunun müdiri Emil Babaşov təmsil ediblər. Konfrans zamanı “Metrologiyada süni intellekt – imkanlar və çağırışlar”, “Qabaqcıl istehsalatda süni intellekt” və “Tibbi ölçmələrdə süni intellekt” mövzularında panel sessiyalar təşkil olunub.
Tədbir çərçivəsində süni intellektin metrologiya sahəsində tətbiqi, mövcud imkanlar və çağırışlarla bağlı geniş müzakirələr aparılıb. Həmçinin süni intellektin qanunverici metrologiyada gələcək perspektivləri, Sİ vahidlərinin rəqəmsal təqdimatı və onun əsasında ölçmə nəticələrinin etibarlılığının qiymətləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Bundan əlavə, konfrans çərçivəsində iştirakçı ölkələrin milli metrologiya institutlarının nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.