AzMİU-nun gənc alimləri beynəlxalq konfransda məruzə ediblər
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Xarkov Milli Avtomobil Yolları Universiteti, Ukrayna Dəmiryolu Nəqliyyatı Dövlət Universiteti və Milli Nəqliyyat Universitetinin təsisçiliyi, AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “VUCA - dünya şəraitində menecment və iqtisadiyyatın inkişafının müasir yolları” mövzusunda onlayn formatda keçirilən konfransda ali təhsil müəssisələrinin tədqiqatçıları və gənc alimlər iştirak ediblər.
Konfransda giriş nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova dünyada müasir VUCA şəraitində bir sıra ölkələrin gənc tədqiqatçılarının iştirakı ilə konfransı keçirən təşkilat komitəsinin üzvlərinə təşəkkürünü bildirib. Rektor qeyd edib ki, müasir dövrdə bir sıra regionda yaranmış qeyri-müəyyənlik şəraitində gənc tədqiqatçıların menecment və iqtisadiyyatın inkişafına yönəlmiş tədqiqatlarının dəstəklənməsi çox vacib amildir.
AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədov postkonflikt dövründə Qarabağ və Şərqi Zəngəzur regionlarında iqtisadiyyatın bütün sahələrində həyata keçirilən infrastruktur layihələr və onların perspektiv inkişafı, Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji araşdırma və inkişaf meneceri Ayhan Satıcı isə “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın postkonflikt quruculuğu modeli və Zəngəzur Dəhlizinin Avrasiya regionunda iqtisadi əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra AzMİU-nun gənc alimləri Xanlar Qəniyev, Nərgiz Fətaxova və tədqiqatçılar Murad Qasımlı, Şaban Məmmədovun məruzələri dinlənilib. Məruzələr konfrans iştirakçiları tərəfindən maraqla dinlənilib və bu istiqamətdə araşdırmaların dərinləşdirilməsi tövsiyə olunub.