ELM VƏ TƏHSİL
AzMİU-nun ilk dəfə səs verəcək tələbələri üçün maarifləndirici görüşlər keçirilir
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümumilikdə 11 minə yaxın tələbə təhsil alır. Bu tələbələrin böyük əksəriyyəti - 83 faizi ilk dəfə prezident seçkilərində iştirak edəcək.
Bunu AZƏRTAC-a açıqlamasında AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili deyib. Təşkilat sədri bildirib ki, ölkədə növbədənkənar prezident seçkiləri elan ediləndən sonra seçkidə ilk dəfə iştirak edəcək tələbələr üçün maarifləndirici proqram hazırlanıb. Proqrama əsasən, tələbələrlə silsilə görüşlər və seminarlar təşkil olunur. O qeyd edib ki, universitetdə seçkiyə təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır. Konstitusiyanın 47-ci maddəsində göstərilir ki, hər kəsin fikir və söz azadlığı var. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmədən gənclərin maarifləndirilməsi işi təşkil edilib.
THİK sədri onu da əlavə edib ki, tələbələrin seçki ilə bağlı yaranacaq suallarının cavablandırılması üçün təşkilatda səlahiyyətli şəxs təyin olunub. Həmin şəxs Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə sualları cavablandırır və yaranan çətinliklərin aradan qaldırılması üçün aidiyyəti üzrə müraciətlər edir.
Qeyd edək ki, 7 fevral 2024-cü il tarixində ölkəmizdə növbədənkənar prezident seçkiləri elan edilib.