AzMİU-nun tələbələri “Norm” sement zavodunda olublar
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Norm” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış memorandum çərçivəsində Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri dosent Ruhəngiz Əliyevanın təşkilatçılığı ilə “Norm” sement zavoduna ekskursiya təşkil olunub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, ekskursiyada layihələrin idarə olunması ixtisası üzrə I kurs magistrantlar, sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan IV kurs tələbələri və professor-müəllim heyəti iştirak edib.
Proqrama uyğun olaraq, günün birinci yarısında tələbələrə zavod haqqında ətraflı məlumat verilib. “Sement istehsalına giriş” barədə təlim və “SƏTƏM qaydaları” haqqında təlim keçirilib. Günün ikinci yarısında isə tələbələr mütəxəssislərin bələdçiliyi ilə zavod ərazisini gəziblər, sement istehsalında istifadə olunan xammalın çeşidlənməsi, sementin tərkibinin müəyyən olunması, sementin bişirilmə, klinkerin üyüdülmə prosesləri ilə tanış olublar və Beton laboratoriyasının iş prinsipini izləyiblər.