AzMİU tələbələri Bakının urbanistik dizaynı üzrə vörkşopu tamamlayıblar
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiU) Memarlıq fakültəsinin iştirakı ilə “Şəhər analizi təsviri” mövzusuna həsr olunan onlayn vörkşop yekunlaşıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Memarlıq fakültəsi ilə ABŞ-ın Yuta Universitetinin Landşaft memarlığı və iqtisadi planlaşdırma departamenti arasında uğurla həyata keçirilən vörkşopun bir mövzusu Bakı şəhərinin urbanistik dizaynının araşdırılmasına həsr olunub. Bu mərhələdə Yuta Universitetinin nümayəndələri AzMİU-nun gənc memarları ilə birgə tədqiqatlara qoşulublar.
Hər iki universitetin tələbələri onlara verilən vaxt müddətində Bakı şəhərinin inkişafı ilə bağlı aktual problemləri anlamaq və bu problemlərin həll yollarını axtarmağa nail olublar.
Tərəflər Bakı şəhərinin tarixi, mədəniyyəti, ekoloji sistemləri, nəqliyyat və infrastruktur analizi, açıq məkanların öyrənilməsi və tarixi bölgələrin tədqiqatları üzrə komanda işinə əsaslanan yanaşmalar tətbiq ediblər. Beşnəfərlik komandalar əvvəlcədən müəyyən edilmiş mövzulara dərindən yanaşaraq şəhərin güclü və zəif cəhətləri, imkanları və potensial təhdidləri müəyyənləşdirməyə çalışıblar.
Vörkşopun sonuncu günündə iştirakçılar öz tədqiqatlarının nəticələrini təqdim edərək innovativ urbanistik dizayn həlləri ortaya qoyublar. Onlar əldə etdikləri nəticələr üzərində müzakirələr aparıblar.