ELM VƏ TƏHSİL
“AzScienceNet” şəbəkəsinin genişləndirilməsi işləri başa çatdırılıb
Bakı, 27 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin genişləndirilməsi işləri başa çatdırılıb.
Mərkəzin sahəsi 35 kvadratmetrdən 140 kvadratmetrə qədər artırılıb və burada daha güclü, yüksək tutumlu soyutma sistemi tətbiq olunub. Bu dəyişikliklər “EapConnect” layihəsinin 5 benefisiarından biri olan “AzScienceNet”ə milli elm və təhsil şəbəkəsi kimi fəaliyyətini genişləndirməyə imkan verəcək.
Bu barədə AZƏRTAC-a Mərkəzin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev məlumat verib.
B.Nəbiyevin sözlərinə görə, Mərkəzin genişləndirilməsi Azərbaycanın elm və təhsil ictimaiyyətinin Avropanın elm və təhsil mühitinə inteqrasiyasını asanlaşdıracaq və nəticədə Azərbaycanın daha çox universitetinin və tədqiqat institutunun “AzScienceNet”ə qoşulmasına şərait yaranacaq. Bu yenidənqurma işləri Şəbəkə İdarəetmə Mərkəzi ilə yanaşı, bütün təşkilatın təhlükəsizliyinin gücləndirilməsində böyük rol oynayır. Bundan əlavə, “AzScienceNet”də informasiya təhlükəsizliyi sistemləri ilə bağlı görülən işlər hazırda Avropa standartlarına cavab verməklə daha geniş imkanlar təqdim edir.