“Aztelekom” regionlarda 4G texnologiyasının tətbiqinə başlayıb VİDEO
Xaçmaz, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmazda 4G texnologiyasının tətbiqinə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pilot layihə olaraq, Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Bu, abunəçilərin internetlə yanaşı, digər multimedia xidmətlərindən istifadəsinə də imkan yaradır.
Quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilər 100 Mbit/san sürətlə internet xidmətindən istifadə edə biləcək. Gələcəkdə çətin relyef və coğrafi mövqedə yerləşən ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi istiqamətdə işlər davam etdiriləcək.
“Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev bildirib ki, regionlarda yeni texnologiyaların tətbiqi ilə telekommunikasiya infrastrukturunu müasirləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində ötən ilin sonunda başlanan pilot layihə müsbət nəticələrlə sona çatdırılıb. “Hazırda Xaçmaz rayonunun iki kəndində simsiz şəbəkə istifadəyə verilib. Quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilərimizə 100 Mbit/san sürətlə internet vermək mümkündür. Bu da imkan yaradacaq ki, müştəri internet xidməti ilə yanaşı, digər İP xidmətlərindən də rahat istifadə edə bilsin. Gələcəkdə telefonlaşması çətin olan digər bölgələrimizdə də bu istiqamətdə işlərimiz davam etdiriləcək”, - deyə Emin Quliyev qeyd edib.
Ötən ildən həyata keçirilən layihələr nəticəsində bir sıra regionlarda köhnəlmiş avadanlıqlar yeni avadanlıqlarla əvəzlənib. Bununla yanaşı, telefonlaşmayan ərazilərdə internet xidmətinə olan tələbatı ödəmək üçün 4-cü nəsil texnologiyaların (4G) tətbiqi nəzərdə tutulur.