Babək rayonunun Gülşənabad kəndində yeni içməli su xətti istifadəyə verilib
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gülşənabad kəndində yeni içməli su xətti istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli ötən dövrdə Gülşənabad kəndində içməli su problemi ilə əlaqədar sakinlər tərəfindən səlahiyyətli nümayəndəliyə müraciətlər daxil olduğunu və nəticədə aidiyyəti üzrə tapşırıqlar verilərək məsələnin öz həllini tapdığını bildirib.
Samir Seyidəhmədli qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilən 11 prioritet istiqamətdən biri də əhalinin içməli su təminatı ilə bağlıdır. Artıq bu sahədə müəyyən tədbirlər görülüb və 2024-cü ildə bütün muxtar respublikada, o cümlədən Babək rayonunun yaşayış məntəqələrində sakinlərin içməli su təminatı yaxşılaşdırılacaq.
Səlahiyyətli nümayəndənin müavini həm yeni içməli su xəttinin istifadəyə verilməsi, həm də qarşıdan gələn Zəfər Günü ilə əlaqədar sakinlərə təbriklərini çatdırıb.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov görülən işlərə görə sakinlər adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli bildirib ki, Gülşənabad kənd sakinləri tərəfindən bu ilin avqust ayından daxil olan müraciətlərə baxılıb və içməli su təminatının yaxşılaşdırılması üçün meliorasiya sahəsinin mütəxəssisləri tərəfindən müvafiq işlər həyata keçirilib.
Yeni istifadəyə verilən subartezian quyusu və içməli su xətti ilə tanışlıq olub.
Qeyd edək ki, sakinlərin müraciəti əsasında bir subartezian quyusu qazılıb, 50 metr uzunluğunda yeni içməli su xətti çəkilərək mövcud xəttə birləşdirilib. Yeni qazılan subartezian quyusunun su sərfi saatda 40 kubdur. Ümumilikdə iki subartezian və bir kaptaj vasitəsilə Gülşənabad kəndindəki 90 ev içməli su ilə təmin olunub.
Müvafiq Dövlət Proqramına əsasən muxtar respublika üzrə içməli su təminatı sahəsində görüləcək işlərin böyük hissəsi Babək rayonunu əhatə edir. Bu istiqamətdə içməli suyun yaxşılaşdırılması üçün rayonun Sirab kəndində 1 subartezian quyusu qazılıb, 5 kilometr uzunluğunda xətt çəkilib. Yaxın zamanda kəndə içməli suyun verilməsi təmin olunacaq. Güznüt kəndində 3 kilometr yeni boru xətti çəkilərək əhaliyə içməli suyun verilməsi təmin olunub. Çeşməbasar kəndində isə sakinlərin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə işlərə başlanılıb. Qaraqala, Kalbaoruc və Vayxır kəndlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması üçün yeni subartezian quyusunun qazılması və boru xətlərinin çəkilişi nəzərdə tutulub.
Sonra kənd sakinlərinin problemləri dinlənilib, onları narahat edən məsələlər nəzarətə götürülüb.