BAĞ TƏSƏRRÜFATI VƏ ATÇILIQ HAQQINDA YENİ QANUN LAYİHƏLƏRİ HAZIRLANIR
Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov demişdir ki, son vaxtlar bağçılıq təsərrüfatına dair qanunvericilik bazasına böyük ehtiyac yaranmışdır. Komissiyanın üzvləri bu zərurəti nəzərə alaraq “Bağ təsərrüfatı haqqında” qanun layihəsi hazırlamışlar. Layihə artıq Milli Məclisdə birinci oxunuşdan keçmişdir. Müzakirələr zamanı deputatlar layihə ilə əlaqədar irad və təkliflərini bildirmişdilər. İşçi qrupu onların bir çoxunu ikinci oxunuşda nəzərə almışdır.
Sonra Milli Məclis Aparatı iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Şahmərdan Kərimov layihə ilə bağlı ətraflı məlumat vermişdir. O demişdir ki, birinci oxunuşdan sonra sənədin strukturunda xeyli dəyişiklik edilmiş, 1 fəsil tamamilə çıxarılmış, 7 maddəyə 10 yeni bənd daxil edilmiş, 22 maddəyə 80-dən çox əlavə və dəyişiklik olunmuş, layihə əsaslı surətdə təkmilləşdirilmişdir.
Bu qanun respublikada bağ təsərrüfatının təşkili, yaradılması və istifadəsinin hüquqi, təşkilati və texniki əsaslarını müəyyən edəcək, münasibətləri tənzimləyəcəkdir. Sənəddə bağ ərazilərinin təşkili, abadlaşdırılması, istifadəçilərin hüquqi qeydiyyatı, uçotu, obyekt və subyektləri məsələləri də öz əhatəli əksini tapmışdır.
Sonra “Atçılıq haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, sənəddə atçılıq sahəsində dövlət siyasətinin istiqamətləri, at cinslərinin dövlət reyestrinin və atçılıq təsərrüfatlarının dövlət uçotunun aparılması, bu sahə ilə məşğul olma hüququ, damazlıq-seleksiya məsələləri öz əksini tapmışdır.
İclasda milli at cinsləri olan “Qarabağ”, “Diliboz”, Quba və Şirvan atlarının genefondunun qorunmasının vacibliyi xüsusi qeyd olunmuşdur.
Deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra verilən təkliflər nəzərə alınmaqla hər iki sənədin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.
İclasda Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov iştirak etmiş və layihələrlə bağlı tövsiyələrini vermişdir.