“Bakcell” Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyə paketi təqdim edir
Bakı, 3 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, “Bakcell” şirkəti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə abunəçiləri üçün bayram hədiyyəsi hazırlamışdır. Martın 2-dən 15-dək “Bakcell”in CİN abunəçiləri telefon danışıqları və SMS-lər üçün daha az ödəyərək, daha çox ünsiyyətdə ola biləcəklər.
Şirkətdən bildirmişlər ki, bayram kampaniyası çərçivəsində CİN abunəçiləri cəmi 500 kontur müqabilində gündəlik 60 dəqiqə və ya bir saat şəbəkədaxili danışıq vaxtı əldə edə biləcəklər. Hədiyyə paketini təkcə özünün deyil, digər abunəçilərin də balansına yükləmək, eləcə də bayram hədiyyəsi etmək mümkündür. 60 dəqiqəlik danışıq vaxtı yalnız bir gündə etibarlıdır və kampaniyaya qoşulduğu andan həmin gün gecə saat 00.00-dək istifadə oluna bilər.
Bayram kampaniyası, həmçinin abunəçilərə bir həftə müddətində, beynəlxalq çıxış istisna olmaqla, bütün istiqamətlərdə istifadə üçün 50 SMS təklif edir. Bayram SMS paketinə abunə olmaq haqqı 250 konturdur.
“Bakcell”in 25 dəqiqə şəbəkədaxili bonus kampaniyasında iştirak edən CİN abunəçiləri Beynəlxalq Qadınlar Günü kampaniyası müddətində hər iki paketdən faydalanmaq imkanı əldə edəcəklər. Kampaniya haqqında ətraflı məlumatı “555” nömrəsindən əldə etmək olar.