“Bakı Ağ Şəhər” layihəsi və “PASHA Real Estate” arasında “Waterfront Quarter”ın inkişafı üzrə saziş imzalanıb
Bakı, 22 may, AZƏRTAC
Bakı şəhərində BMT-nin İnsan Məskunlaşma Proqramı (UN-Habitat) BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) çərçivəsində “Bakı Ağ Şəhər” layihəsi və “PASHA Real Estate” arasında “Waterfront Quarter” ərazisində bir sıra aktivlərin birgə inkişafına dair saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, sazişi “PASHA Real Estate”in baş icraçı direktoru Özgür Geter və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov imzalayıblar.
“Waterfront Quarter” şimaldan 8 Noyabr prospekti, cənubdan isə “Bakı Ağ Şəhər” layihəsi bulvarı ilə əhatə olunur.
Saziş çərçivəsində ərazinin davamlı inkişaf yanaşması əsasında formalaşdırılması, yaşayış, kommersiya və ictimai məkanların balanslı şəkildə inteqrasiyası nəzərdə tutulur. Layihənin əsas məqsədi sahilyanı zonada hərəkətlilik imkanlarının artırılması, ictimai məkanların keyfiyyətinin yüksəldilməsi və müasir şəhər mühitinin yaradılmasıdır.
Yeni mərhələdə Bakı bulvarının 10 kilometr uzadılması, həmçinin iş, istirahət və kommersiya fəaliyyəti üçün şəhər miqyaslı yeni mərkəzlərin yaradılması planlaşdırılır. Saziş “White City Mall”, iri ictimai parkinq kompleksi, ictimai tədbirlər meydanı, fərqli memarlıq həllərinə malik yaşayış və ofis binaları, otellər, konqres mərkəzi və muzeyin birgə inkişafını əhatə edir.
Layihə çərçivəsində planlaşdırılan hündürmərtəbəli binalar və yeni marina yaxta limanı Bakı körfəzinin sahil xəttində yeni memarlıq silueti formalaşdıracaq və şəhərin dəniz sahilində yeni inkişaf imkanları yaradacaq. Eyni zamanda, ərazidə metro stansiyalarına rahat çıxışların təmin edilməsi də nəzərdə tutulur.
Layihənin hazırlanmasında “Atkins”, “Foster + Partners”, “Gensler”, “UNStudio”, “Chapman Taylor” və digər beynəlxalq memarlıq və konsaltinq şirkətləri iştirak edir.
“PASHA Real Estate” regionun aparıcı daşınmaz əmlak qruplarından biri kimi Azərbaycan, Türkiyə, Monteneqro, Gürcüstan, Özbəkistan və ABŞ-də fəaliyyət göstərir və daşınmaz əmlakın inkişafı, tikinti, investisiya, aktivlərin idarə edilməsi və əməliyyatlar üzrə inteqrasiya olunmuş xidmətlər təqdim edir.
Şirkətin portfelinə mehmanxana, yaşayış, kommersiya və pərakəndə layihələr, ticarət mərkəzləri, biznes mərkəzləri, sərgi kompleksləri və qarışıq təyinatlı şəhər layihələri daxildir.
“Bakı Ağ Şəhər” layihəsi müasir şəhər inkişafının insan mərkəzli yanaşmaya əsaslandığını əks etdirir. Layihə ekoloji bərpa, infrastruktur və ictimai həyat komponentlərini vahid uzunmüddətli konsepsiyada birləşdirir. Sahilyanı zonada aparılan işlər beynəlxalq təcrübə və yerli yanaşmanın sintezini təmin etməklə, ərazinin regional və beynəlxalq miqyasda tanınan şəhər məkanına çevrilməsini hədəfləyir.
“Bakı Ağ Şəhər” layihəsi paytaxtın şəhərsalma inkişafında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Keçmişdə “Qara Şəhər” kimi tanınan və neft emalı müəssisələrinin yerləşdiyi sənaye zonası Prezidentin ekoloji şəraitin yaxşılaşdırılması ilə bağlı Sərəncamına uyğun olaraq genişmiqyaslı yenidənqurma proqramı çərçivəsində transformasiya edilir. Layihə nəticəsində çirklənmiş sənaye ərazisi yüksək həyat keyfiyyətinə malik, investisiya cəlbedici və davamlı iqtisadi imkanlar yaradan müasir şəhər rayonuna çevrilir.
Müxbir - Pərvanə Qafarova