İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 350 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4912 manata bərabər olmuşdur. 300 min dollar təklif və 350 min dollar tələb şəraitində manatın məzənnəsi bir bənd düşərək, 1 ABŞ dolları üçün 4913 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4913 manat həddində olmuşdur. BEST-də USDAZM T+0 aləti üzrə 2 milyon 465 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 12,110 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 246,5 min dollar düşmüşdür. Tələb olmadığından dillerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar. EUR/AZM və RURAZM TOM alətləri üzrə BEST-ə banklar tərəfindən sifariş verilməmişdir.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən illik 10 faizlə, 1,150 milyard manat və 200 min ABŞ dolları məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 21-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.