Bakı Dövlət Universitetində gül festivalı keçirilmişdir
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da Bakı Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş gül festivalı keçirilmişdir.
BDU fakültələri, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qızlar Universiteti tələbələrinin gül və çiçəklərdən hazırladıqları dövlət rəmzləri, ulu öndər Heydər Əliyevə, yazın gəlişinə və s. həsr olunmuş kompozisiyalar nümayiş olunmuşdur.
Bakı Dövlət Universitetinin rektoru, Mİlli Məclisin deputatı, akademik Abel Məhərrəmov tələbələrin əl işlərinə baxdıqdan sonra ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışmışdır. Bildirmişdir ki, ölkəmizin iqtisadiyyatında, elm, təhsil və digər sahələrdə qazanılan nailiyyətlər ulu öndərin siyasətinin bəhrəsidir. Azərbaycanın müasir tarixinin böyük, həm də şərəfli bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır.
Natiq dahi rəhbərin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsinə, respublikamızın iqtisadi tərəqqisinə, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə gətirib çıxarmış siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, ölkəmizdə sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə gənclərin himayədarı olmuş, sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Ulu öndər gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri hesab edirdi.
Rektor vurğulamışdır ki, ümummilli liderin doğum günü ümumxalq bayramıdır. Tələbələr ulu öndərə öz sevgilərini, məhəbbətlərini əl işlərində nümayiş etdirərək bu festivala öz istəkləri ilə qoşulmuşlar. Festival onu göstərir ki, bu gün gəncliyimiz düzgün yoldadır, gənclər ümummilli liderimizin müəyyənləşdirdiyi ideya ilə yaşayırlar. Deməli, Azərbaycanın böyük, işıqlı gələcəyi var. Bu gənclər Azərbaycanın bayrağını ən yüksək zirvəyə qaldıracaqlar.
######
