Bakı Dövlət Universitetində tədbir: Heydər Əliyev və azərbaycançılıq ideologiyası
Bakı, 10 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Fakültə dekanı Bəxtiyar Paşayev Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən danışıb. Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, biz Böyük Zəfər qazandıq.
Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov Ulu Öndərin azərbaycançılıq ideologiyasının Böyük Qələbə ilə başa çatan Vətən müharibəsi zamanı öz bəhrəsini verdiyini qeyd edib. Vətən müharibəsi zamanı bütün dünya azərbaycanlıları torpaqlarımızın işğaldan azad olunmasında böyük həmrəylik, birlik nümunəsi göstərdilər, erməni yalanlarının ifşa edilməsində, təxribatlarının qarşısının alınmasında əsl vətənpərvərlik nümunəsi nümayiş etdirdilər.
Professor Məmməd Əliyev Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən bəhs edib.
Sonra fakültənin tələbələri Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər.