Bakı Dövlət və Zaqreb universitetləri arasında Anlaşma Memorandumu imzalanmışdır
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Xorvatiyanın Zaqreb Universitetinin rektoru Aleksa Byeliş Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov zaqrebli həmkarına universitetin fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat vermişdir. Eyni zamanda, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiya və digər qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışmışdır.
Görüşdən məmnunluğunu bildirən Zaqreb Universitetinin rektoru A.Byeliş rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti barədə məlumat vermiş, BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləmişdir.
Görüşdə BDU ilə Zaqreb Universiteti arasında beynəlxalq əlaqələrin inkişafına dair Anlaşma Memorandumu imzalanmışdır.
Sənədi A.Məhərrəmov və A.Byeliş imzalamışlar.
Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırmaq məqsədilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda iştirak nəzərdə tutulur.
A.Məhərrəmov qonağa universitetin bukletini və BDU-nun yubiley medalını hədiyyə etmişdir.
İmzalanma mərasimindən sonra A.Byeliş BDU-nun laboratoriya və elmi mərkəzləri ilə tanış olmuşdur.