“BAKI: DÜNƏN, BU GÜN VƏ SABAH” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Ölkə ziyalılarının, incəsənət xadimlərinin və tanınmış memarların iştirak etdikləri tədbirdə Bakının memarlıq məsələləri müzakirə edilmişdir.
Tədbirdə bildirilmişdir ki, paytaxtdakı iri sənaye obyektlərinin Qaradağ rayonuna köçürülməsi şəhərin ekoloji durumunu xeyli yaxşılaşdıracaq, Bakı Dəniz Vağzalından Zığ qəsəbəsinədək aparılan yaşıllaşdırma işləri dənizkənarı Milli Parkın ərazisinin genişlənməsinə səbəb olacaqdır.
Paytaxtın baş memarı Akif Abdullayev Bakı qəsəbələrinin infrastrukturunun yenidən qurulması istiqamətində bir neçə layihə həyata keçirildiyini diqqətə çatdırmışdır.
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev paytaxtda monumental abidələrin, şəhərin görünüşünə xüsusi gözəllik verən, rəmzi kompozisiyaları özündə əks etdirən heykəltəraşlıq nümunələrinin sayının artırılmasının vacibliyini vurğulamışdır.
Ziyalıların və memarların xüsusi marağına səbəb olmuş bu təkliflə bağlı müzakirələr aparılmışdır.
Sumqayıtın dənizkənarı parkındakı “Göyərçin” abidəsini misal gətirən A.Paşayev, belə incəsənət əsərlərinin şəhərlərin özəl xüsusiyyətlərinin yaranmasında əsas rol oynadığını söyləmişdir.
Dəyirmi masada çıxış edənlər bildirmişlər ki, böyük tikinti meydançasına çevrilən Bakının tarixiliyi mütləq qorunmalıdır. Çünki dünyanın ən gözəl şəhərlərinin cəlbedici görünüşü onun tarixi abidə və məkanları ilə tanınır.
Tədbirdə Bakının tarixinə həsr olunmuş slaydlar nümayiş etdirilmişdir.