BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 4-də Bakı Fond Birjasında (BFB) Milli Bankın qeydiyyatından keçmiş, ümumi məbləği 60 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Səkkiz sərmayədarın təqdim etdiyi sifarişin nominal məbləği 30 milyon 401 min 800 manatdır. Sifarişlər 99,21 faiz (gəlirlilik dərəcəsi 10,24 faiz) və 99,25 faiz (gəlirlilik dərəcəsi 9,72 faiz) qiymətdə təqdim edilmişdir.
Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,21 faiz (gəlirlilik dərəcəsi 10,24 faiz) və orta ölçülmüş qiymət 99,22 faiz (gəlirlilik dərəcəsi 10,11 faiz) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilmişdir.
Notlar 1 milyon 793 min 800 manat dəyərində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, nominal üzrə reallaşdırılmış dəyəri 30 milyon 401 min 800 manat müəyyənləşdirilmişdir.
Notlar iyulun 2-də ödəniləcəkdir.
Notların mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.