BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 16-da Bakı Fond Birjasında (BFB) Milli Bankın qeydiyyatından keçmiş, ümumi məbləği 50 milyon manat, hərraca çıxarılan məbləği 35 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Doqquz sərmayədarın təqdim etdiyi sifarişin nominal məbləği 21 milyon 052 min 800 manatdır. Sifarişlər 99,13 faiz (gəlirlilik dərəcəsi 11,28 faiz) və 99,23 faiz (gəlirlilik dərəcəsi 9,98 faiz) qiymətdə təqdim edilmişdir.
Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,13 faiz (gəlirlilik dərəcəsi 11,28 faiz) və orta ölçülmüş qiymət 99,18 faiz (gəlirlilik dərəcəsi 10,63 faiz) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilmişdir.
Notların 425 min manat dəyərində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, nominal üzrə reallaşdırılmış dəyəri 21 milyon 052 min 800 manat müəyyənləşdirilmişdir.
Notlar avqustun 13-də ödəniləcəkdir.
Notların mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.