Bakı Gənclər Mərkəzi “Rəssam gözü ilə Azərbaycan” müsabiqəsinə start verib
Bakı, 18 may, AZƏRTAC
“Müasir dövrün gənc istedadları” layihəsi çərçivəsində Bakı Gənclər Mərkəzinin yeni - “Rəssam gözü ilə Azərbaycan” müsabiqəsi həyata keçirilir.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, 28 May - Respublika Gününə həsr olunan sərgi-müsabiqənin əsas məqsədi uşaq və gənclərdə bədii zövqün formalaşdırılması, həvəsləndirilməsi, onların yaradıcılıq duyğularının inkişaf etdirilməsi və ən ümdəsi vətənə məhəbbət hissinin aşılanmasıdır.
Müsabiqəyə istənilən janrda, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənən əsərlər təqdim edilə bilər. Rəsmlər A3 və ya A4 formatda olmalıdır. Material kətan, kağız, karton ağac, yağlı boya, akril, quaş, pastel, rəngli karandaş və flomasterlər, ebru və monotip, qarışıq texnika olmalıdır. Hər bir iştirakçı yalnız bir rəsm işi verə bilər. Rəsmin arxa tərəfində işin adı, işləndiyi texnika, müəllifin adı, soyadı, yaşı, atasının adı və əlaqə nömrəsi qeyd olunmalıdır.
Layihədə iştirak etmək istəyənlər mayın 25-dən gec olmayaraq, rəsm işlərinin fotoşəklini və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərməlidirlər.
Seçimlər mayın 26-da aparılacaq. Münsiflər tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifi xüsusi diplom ilə mükafatlandırılacaq və Bakı Gənclər Mərkəzinin üzvlüyünə qəbul olunacaq.
Sərginin açılış mərasimi xüsusi karantin rejimi bitdikdən dərhal sonra Bakı Gənclər Mərkəzində keçiriləcək.