Bakı məktəblilərinin qış tətili səmərəli təşkil olunub
Bakı, 29 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin qış tətilində asudə vaxtlarını səmərəli keçirmələri üçün çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunur.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, ekskursiyalar çərçivəsində məktəblilər Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və Bakı Kitab Mərkəzində, muzeylərdə Şirvanşahlar sarayı, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində, görkəmli sənətkarların ev-muzeylərində və digər yerlərdə olublar.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri də tətil günlərində fəaliyyətlərini davam etdirirlər. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün şərait yaradılır.
Qeyd edək ki, tətil günlərində məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.