Bakı Metropoliteni öz inkişafının yeni mərhələsini yaşayır
Bakı, 8 noyabr (AZƏRTAC). Bu gün dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində nəqliyyatın getdikcə artan sıxlığı şəraitində metro əhali arasında ən populyar gediş-gəliş vasitələrindən biri, istənilən hava şəraitində hər kəsin üz tuta biləcəyi etibarlı nəqliyyat növüdür.
AZƏRTAC xəbər verir ki, hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin darısqal küçələrini tramvay, trolleybus və avtobus nəqliyyatından təmizləmək üçün sürətli və rahat nəqliyyat növünün - metropolitenin tikintisi qərara alınmışdı. Lakin müxtəlif səbəblərə görə Bakı metropoliteninin ilk xəttini yalnız 1965-ci ildə istifadəyə vermək mümkün olmuşdu.
Hazırda Bakı Metropoliteninin 23 stansiyası vardır. Bu stansiyalardan 14-ü ulu öndər Heydər Əliyevin Bakı metrosuna böyük diqqət və qayğısı sayəsində ərsəyə gəlmişdir. Prezident İlham Əliyev də metropolitenin inkişafını, yeni stansiyaların tikilib işə salınmasını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının 2006-cı ildə imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramı günü qeyd edilir.
“Bakı Metropoliteninin 2011-15-ci illərdə inkişafına dair Dövlət Proqramı”na əsasən 2030-cu ildə metropolitendə 5 xətt üzrə 73 stansiya və 5 elektrik deposu fəaliyyət göstərəcəkdir. Artıq üçüncü xətt olan “Bənövşəyi” xəttin inşası başlanmışdır. Gələn il həmin xəttin iki stansiyasının - “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının istifadəyə verilməsi, sonrakı iki il ərzində isə daha üç stansiyanın işə salınması planlaşdırılır. Yaxın gələcəkdə metronun iki yeni xəttinin - “Mavi” və “Sarı” xətlərin tikintisinə start veriləcəkdir.
Metropolitenin vaqon parkının proqrama uyğun surətdə yeniləşdirilməsi üçün Rusiyanın “Metrovaqonmaş” müəssisəsindən 166 yeni vaqon almışdır. Görülən tədbirlər nəticəsində Bakı Metropoliteni bir il ərzində 170 milyondan çox sərnişin daşımışdır.
Son illərdə metronun təhlükəsizliyinə də xüsusi əhəmiyyət verilir. Törədilə biləcək hər hansı təxribat və terror aktlarını qabaqlamaq, sərnişinlərin təhlükəsizliyini təmin etmək, qatarların hərəkətini və sərnişin axınını tənzimləmək, mühəndis-texniki qurğuları nəzarətdə saxlamaq, ictimai asayişin pozulması hallarının qarşısını operativ surətdə almaq, stansiyalardakı mühüm obyektlərin mühafizəsini təmin etmək məqsədilə metropolitendə mərkəzləşdirilmiş təhlükəsizlik və videomüşahidə şəbəkəsi yaradılmışdır. Vestibüllərdə, eskalatorlarda, stansiyaların platformalarında, keçidlərdə, vaqonlarda 3 mindən çox videomüşahidə kamerası qurulmuşdur ki, bu da metropolitenin bütün sahələrində vəziyyəti daim nəzarətdə saxlamağa imkan verir.
Azərbaycanda metro tikintisi ilə yanaşı, metropoliten işçilərinin sosial rifahının yaxşılaşdırılması məsələsinə də xüsusi diqqət göstərilir.
Bu gün dinamik inkişaf edən Azərbaycanda yeraltı nəqliyyat sərnişin daşımasında əvəzolunmaz rola malikdir. Həyata keçirilən və nəzərdə tutulan qlobal tədbirlər tam əminliklə deməyə əsas verir ki, Bakı Metropoliteni bundan sonra paytaxt əhalisinə daha yüksək səviyyədə xidmət göstərəcək, paytaxtın nəqliyyat infrastrukturunda onun önəmi getdikcə artacaqdır.