Bakı Regional Mərkəzi “dəyirmi masa” Keçirmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları ilə birgə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda növbəti “dəyirmi masa” keçirmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Bakı şəhərində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə mövcud vəziyyət barədə danışılmışdır.
Bakı Regional Mərkəzinin əməkdaşı çıxışında vurğulamışdır ki, bələdiyyələrlə qarşılıqlı fəaliyyət baş verə biləcək fövqəladə halların qarşısının alınması, eləcə də həmin hadisələrin nəticələrinin aradan qaldırılması prosesində böyük əhəmiyyətə malikdir.
Daha sonra Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, habelə, Bakı şəhərində fəaliyyət göstərən rayon bələdiyyələrinin (rayon bələdiyyələrin əlaqələndirmə şuralarının) sədrlərinin 2013-cü ildə paytaxt ərazisində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülmüş işlər barədə arayışları dinlənilmiş, işgüzar fikir mübadiləsi aparılmışdır.
İnteraktiv müzakirələr şəraitində keçirilmiş tədbirin sonunda “dəyirmi masa”da səslənmiş problemlər və onların aradan qaldırılması məqsədi ilə qeyd edilmiş təkliflər ümumiləşdirilmiş və həyata keçirilməsi üçün tövsiyə olunmuşdur.
“Dəyirmi masa”nın gedişində tədbir iştirakçılarına xüsusi diskdə fövqəladə hallara hazırlıq sahəsindəki fəaliyyəti tənzimləyən normativ-hüquqi aktlardan ibarət elektron toplu təqdim olunmuşdur.