Bakı Regional Qaz İstismarı Departamentində Mülki Müdafiə Günü qeyd edilib
Bakı, 1 mart, AZƏRTAC
Bakı Regional Qaz İstismarı Departamentində Mülki Müdafiə Günü qeyd olunub.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın üzv olduğu Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü ilə 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı hər il üzv dövlətlərin ərazisindəki müvafiq idarə və müəssisələrdə tədbirlər keçirilir. “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentində Mülki Müdafiə Günü ilə əlaqədar “Mülki müdafiə və mülki qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda tədbir keçirilib. “Həyəcan siqnalı”nın verilməsi ilə başlayan tədbirdə yanğın, qəza, fövqəladə hallar zamanı işçilərin binanı tərk etməsində funksional vəzifələrinin icrasına baxış keçirilib.
Toplantıda departamentin rəisi Qurban Mehdiyev bildirib ki, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında duran əsas vəzifələrdəndir və fövqəladə halların qarşısının alınması istiqamətində biliklər daim təkmilləşdirilməlidir.
Birliyin mülki müdafiə qərargahının rəisi Eltəkin Qurbanov mülki müdafiə sisteminin işindən, bu sahədə həyata keçirilən tədbirlərdən söz açaraq “Mülki müdafiə və mülki qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda mühazirə danışıb. Departamentin inzibatı binasının birinci mərtəbəsinin foyesində fərdi mühafizə vasitələrinin və kimyəvi ölçü cihazlarının sərgisi təşkil edilib. Təxliyə zamanı işçilərdən zədə və xəsarət alan olmayıb.
Sonda məxfi rejim və hərbi səfərbərlik şöbəsinin böyük mühəndisi Nizami Abışov mülki müdafiə siqnalları zamanı davranış qaydaları mövzusunda çıxış edib və mövzuya uyğun maarifləndirici video materiallar nümayiş etdirilib.