Bakı Uşaq və Gənclər Teatrının aktyorları Şəkinin qonağı olub
Şəki, 9 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir. Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin növbəti tədbiri Şəki Dövlət Dram Teatrı ilə birgə Şəki şəhərində reallaşıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki teatrının Repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.
Bildirilib ki, Şəki Dövlət Dram Teatrında keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bakı Uşaq və Gənclər Teatrının direktoru - bədii rəhbəri Əməkdar artist, rejissor, aktyor İntiqam Soltan və Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Mirbala Səlimli çıxış edərək, layihə barədə məlumat veriblər.
Hər iki teatrın rəhbərləri tərəfindən qarşılıqlı şəkildə təşəkkürnamələr təqdim olunub.
Tədbirdə məktəbli uşaqlar və gənclər üçün hər iki teatrın repertuarında olan tamaşalardan səhnəciklər nümayiş etdirilib. Şəki Dövlət Dram Teatrının yaradıcı heyəti “Varlı qadın” və “O uzaq axşam...” tamaşalarından (hər iki tamaşanın quruluşçu rejissoru Elvin Nuridir) səhnəciklər təqdim edib.
Bakı Uşaq və Gənclər Teatrı tərəfindən isə Azərbaycan xalq nağılları əsasında Əməkdar artist İntiqam Soltan tərəfindən hazırlanmış “Göyçək Fatma” və rejissorlar Mehman Piriyev və Rauf Hüseynlinin quruluşunda “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşalarından səhnəciklər, həmçinin aktyor-illüziyaçı Tofiq İsgəndərli tərəfindən illüziya nömrələri nümayiş etdirilib.
Müxbir – Mustafa Dadaşov