BAKIDA ABŞ BEYNƏLXALQ İNKİŞAF AGENTLİYİNİN DƏSTƏYİ İLƏ “TƏNZİMLƏMƏ VƏ TARİFLƏR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi, Kommunal Xidmətlərin Tənzimlənməsinə dair Komissiya Üzvlərinin Milli Assosiasiyası (NARUC), Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) və Azərbaycan Tarif Şurasının təşkilatçılığı ilə iyulun 21-də “Park İNN Azərbaycan” mehmanxanasında “Tənzimləmə və tariflər” mövzusunda beşgünlük seminar işə başlamışdır.
USAİD-in nümayəndəsi Pol Devis və kursun rəhbəri Donald Hertsmark bildirmişlər ki, bu seminar enerji məsələlərinin tənzimlənməsində uzunmüddətli, dayanıqlı inkişafı, texniki dəstəyi, məlumat mübadiləsini və qarşılıqlı təcrübəni artırmaq məqsədi daşıyır. Xarici mütəxəssislər tədbirin iştirakçılarını müzakirələrdə aktivliyə çağırmışlar.
Tarif Şurası katibliyinin rəhbəri Elşən Əsədov 2005-ci ildə yaradılmış qurumun strukturu və fəaliyyəti, gələcək planları haqqında geniş məlumat vermişdir. O, 2006-2007-ci illərdə Tarif Şurasının iclaslarında müzakirə olunmuş təkliflər, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə danışmışdır.
Seminarda “Enerji sahəsində islahatlar və kommunal xidmətlərin dövlət tənzimlənməsi”, “Tariflərin yaradılması və tarif metodologiyası”, “Tariflərin tərtib edilməsi prosesi”, “Xidmət keyfiyyətinin tənzimlənməsi” və “Özəl sərmayə razılaşmaları və təmayüllər” mövzularında mühazirələr dinləniləcəkdir.
İyulun 25-dək davam edəcək tədbirdə Tarif Şurasının, İqtisadi İnkişaf, Sənaye və Energetika nazirliklərinin, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, yerli dövlət kommunal xidmətlərinin, istehlakçı qrupların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.