BAKIDA “AİBA PREZİDENTİ KUBOKU” UĞRUNDA BEYNƏLXALQ BOKS TURNİRİNİN AÇILIŞI OLMUŞDUR
Bakı, 8 dekabr (AZƏRTAC). Dekabrın 8-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində boks üzrə “AİBA Prezidenti Kuboku” uğrunda beynəlxalq turnirin təntənəli açılışı keçirilmişdir.
Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Əbiyev demişdir ki, belə turnirlərin keçirilməsi bütün dünyaya Azərbaycanda olimpiya hərəkatının inkişafını bir daha nümayiş etdirir.
Turnirdə 5 qitənin idmançılarının çıxış etdiyini deyən A.Əbiyev ölkəmizə gəlmiş boksçulara təşəkkürünü bildirmişdir.
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu 5 qitəni təmsil edən 35 ölkədən 88 boksçunun yarışdığı bu turniri AİBA-nın illik təqvimində ən mühüm yarışlardan biri adlandırmışdır.
AİBA prezidenti yarışı yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Azərbaycanda zəngin boks ənənələrinin olduğunu deyən qonaq ölkəmizin son illər idmanda böyük nailiyyətlər qazandığını məmnunluqla bildirmişdir.
İncəsənət ustalarının konsertindən sonra yarışlar müxtəlif çəki dərəcələrində döyüşlərlə davam etmişdir.
Qeyd edək ki, yarışın reqlamentinə əsasən turnirdə 8 komanda mübarizə aparır. Yarışda Asiya, Amerika və Avropa qitələri iki, Okeaniya və Afrika isə hərəsi bir yığma ilə təmsil olunur. Mükafat fondu 50 min ABŞ dolları olan yarışda hər çəki dərəcəsində ayrı-ayrı komandaları təmsil edən 8 boksçu döyüşəcəkdir.
Azərbaycan boksçuları Avropa komandalarının tərkibində mübarizə aparırlar. Samir Məmmədov (54 kq), İsmət Eynullayev (60 kq), Sadiq Eynullayev (64 kq) Avropa-1, Elşən İsmayılov (57 kq), Emil Məhərrəmov (69 kq), Elçin Əlizadə (91 kq-dan yuxarı) isə Avropa-2 komandasının heyətində çıxış edirlər.
Yarışda iştirak etmək üçün Bakıya Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları gəlmişlər. Turnirdə final görüşləri dekabrın 11-də olacaqdır.
Dekabrın 10-da isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında AİBA-nın forumu keçiriləcəkdir.
Tədbirdə idman mütəxəssislərini narahat edən müxtəlif məsələlər, o cümlədən qadın boksunun inkişafı məsələləri müzakirə olunacaqdır. Forumun sonunda ən yaxşı boksçuların, məşqçilərin və AİBA hakimlərinin ilin yekununa görə mükafatlandırılma mərasimi keçiriləcəkdir.
######
![]() |
![]() |

