BAKIDA AVROPA ƏDALƏTLİ OYUNLAR HƏRƏKATININ KONQRESSİ VƏ BAŞ ASSAMBLEYASI KEÇİRİLİR
Bakı, 14 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının 15-ci Konqressi və Baş Assambleyası öz işinə başlamışdır.
Tədbirdə 24 ölkənin Ədalətli Oyunlar Hərəkatının 50-dək nümayəndəsi iştirak edir. Bakıya Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karlos Qonzalves, İdman Elmləri üzrə Avropa Şəbəkəsinin rəhbəri Volter Tokarski gəlmişlər.
Beş gün davam edəcək tədbirdə əsasən üç mövzu ətrafında müzakirələr aparılacaqdır.
Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin bildirdiyinə görə, iclaslarda idmanda ədalətli oyun prinsiplərinin təbliğində mətbuatın rolu, idmanda hakim ədalətsizliyi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaqdır.
Qeyd edək ki, 1994-cü il mayın 28-də Sürixdə Avropa Ədalətli Oyunlar Hərəkatı təsis edilmişdir. Hərəkatın əsas məqsədi idmanda və cəmiyyətdə ədalət və etik prinsiplərin qorunması, rəqiblərə hörmət və mübarizədə dözümlülük göstərməsi, mənəvi kamilləşməyi təbliğ etməkdir.
Milli Olimpiya Komitəsinin nəzdində 1998-ci ildə yaradılmış Azərbaycan Ədalətli Oyunlar Komissiyası ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində ədalət prinsiplərini dəstəkləyən, respublikada idman ictimaiyyətinin maraqlarını müdafiə edən bir hərəkat olaraq fəaliyyət göstərir.
######
