BAKIDA AVROPA ƏDALƏTLİ OYUNLAR HƏRƏKATININ KONQRESSİ VƏ BAŞ ASSAMBLEYASININ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Bakı, 14 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının 15-ci Konqressi və Baş Assambleyası ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Konfransda Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) birinci vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, vitse-prezident Xəzər İsayev, Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karlos Qonzalves, vitse-prezidenti Ərdoğan Arpinar, İdman Elmləri üzrə Avropa Şəbəkəsinin rəhbəri Volter Tokarski və icraiyyə komitəsinin üzvləri iştirak etmişlər.
Konfransda Ədalətli Oyunların mədəniyyətlərarası əlaqələrdə, dialoqda rolu, idmanın millətlərarası münaqişələrə təsir edən vasitələri, tolerantlığın yayımında mətbuatın rolu, Olimpiya təhsilinin əsas tərkib hissəsi, hakimlər, səlahiyyətləri, məsuliyyətləri məsələləri müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, konqresdə Avropanın 30-a yaxın milli ədalətli oyunlar təşkilatının mütəxəssisləri iştirak edəcəklər. MOK-un birinci vitse-prezidenti çıxış edərək son illər Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində ədalət prinsiplərinin dəstəklənməsində, respublikamızın idman ictimaiyyətinin maraqlarının müdafiəsində ədalətli oyunlar hərəkatının əhəmiyyətli rolunu vurğulamışdır.
Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karlos Qonzalves son illər Azərbaycanın böyük idman nailiyyətlərindən danışmışdır. O, Avropanın Ədalətli Oyunlar Hərəkatı icraiyyə komitəsinin 2008-ci ilin may ayında Nikosiya şəhərində keçirdiyi iclasda qurumun 15-ci konqresinin bu ilin oktyabrında Bakıda keçiriləcəyinə dair yekdilliklə qərar qəbul etdiyini bildirmişdir.