BAKIDA AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI SİYASİ MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Komitənin sədri Əbdülqədir Atəş iclası açaraq nümayəndə heyəti adından onlara göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlığını bildirmiş və demişdir ki, bu gün Azərbaycanda gedən proseslər, iqtisadi inkişaf, ölkənin Avropaya və Avratlantik strukturlarına inteqrasiyası diqqət mərkəzindədir. Azərbaycan ilə Avropa Şurası arasındakı əlaqələr getdikcə möhkəmlənir və Azərbaycan təşkilat üçün etibarlı tərəfdaşa çevrilir. Tədbirin Bakıda keçirilməsi buna əyani sübutdur. AŞPA, eləcə də Siyasi Məsələlər Komitəsi Azərbaycanda demokratiyanın inkişafında, insan hüquqlarının qorunmasında maraqlıdır. Başa düşürük ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneədir və biz bu problemin sülh yolu ilə həllinə tərəfdarıq. Bilirsiniz ki, Avropa Şurası bu məsələ ilə əlaqədar müvafiq qətnamə qəbul etmişdir. İndi biz həmin sənədin yerinə yetirilməsinə çalışırıq. Siyasi Məsələlər Komitəsi daha bir qətnamə hazırlayaraq yuxarı orqana təqdim etmişdir. Bu sənəd Balkanlardakı münaqişənin tənzimlənməsi layihəsinə oxşardır. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunacaqdır.
Komitə sədri Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində qanunvericilik bazasının inkişafına və digər məsələlərə də münasibət bildirmişdir.
Daha sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış etmiş və əvvəlcə ölkəmizin iqtisadi durumu barədə ətraflı məlumat vermişdir. Nazir demişdir ki, Azərbaycan iqtisadiyyatı ilbəil inkişaf edir, ümumi daxili məhsulun artım tempi 36 faizə çatmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması və bir sıra digər irimiqyaslı layihələrin reallaşması ölkəmizin iqtisadi potensialını daha da artırır. BTC layihəsinə Qazaxıstanın qoşulması və digər dövlətlərin maraq göstərməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti davamlı iqtisadi inkişafa nail olmaq və məlum holland sindromu ilə üzləşməməkdən ötrü qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirir. Yaxın illərdə dövlət büdcəsində qeyri-neft sektorunun çəkisinin xeyli artacağı gözlənilir.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri ölkəmizin qonşu dövlətlərlə münasibətinə də aydınlıq gətirərək bildirmişdir ki, Azərbaycan ilə Rusiya arasında çox gözəl münasibətlər vardır. Son bir ildə ticarət dövriyyəmiz iki dəfə artmışdır. Perspektivdə bizi daha böyük nailiyyətlər gözləyir.
Rusiya bazarları Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və digər məhsulların satışı üçün mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkənin prezidentlərinin dostluq münasibətləri bütün sahələrdə əlaqələrin inkişafına müsbət təsir göstərir.
Bizim Türkiyə ilə 12 kilometrlik sərhədimiz vardır. Eyni dil, din və mədəniyyətə malik olan dost və qardaş ölkələrimiz çox sıx əlaqələrə malikdirlər. Biz bir sıra irimiqyaslı layihələrin reallaşmasında birlikdə çalışırıq.
İranla da mehriban qonşuluq münasibətlərimiz vardır. İran Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvanın təbii qaz və elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. İran Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşlarından biridir.
Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. İstəyirik ki, bu ölkə də bizim kimi inkişaf etsin və daha da çiçəklənsin.
Ermənistanla münasibətlərə aydınlıq gətirən E.Məmmədyarov demişdir ki, Azərbaycan sülhsevər ölkə olaraq Ermənistanla da əlaqələri inkişaf etdirə bilər. Amma bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalı, təcavüz siyasətindən əl çəkməli, sülh şəraitində yaşamağı bacarmalıdır.
Elmar Məmmədyarov iştirakçıları maraqlandıran suallara aydınlıq gətirmiş, Xəzər dənizinin hüquqi statusu, GUAM-ın gələcək fəaliyyəti, qondarma Dağlıq Qarabağ respublikasında keçirilən referendum, Kosovoda sülhün əldə olunması ilə bağlı mövqeyini açıqlamışdır.
O demişdir ki, Xəzərin hüquqi statusu məsələsində əsas problemlər həll olunmuşdur. Azərbaycan, Rusiya və Qazaxıstan arasında heç bir problem yoxdur və ikitərəfli sənədlər imzalanmışdır. Yalnız Türkmənistanla İran bəzi detallarla bağlı hələ də qeyri-konstruktiv mövqe tuturlar. Düşünürük ki, problem yaxın zamanlarda öz ədalətli həllini tapacaqdır.
Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM artıq beynəlxalq quruma çevrilmişdir. Üzv ölkələr bu qurumun daimi katibliyini, büdcəsini təsdiqləyiblər. GUAM ölkələrinin parlamentləri də qurumun fəaliyyət proqramını ratifikasiya etdikdən sonra, düşünürəm ki, GUAM-ın fəaliyyəti daha da genişlənəcək və o, nüfuzlu beynəlxalq təşkilata çevriləcəkdir.
Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, Azərbaycan problemin sülh yolu ilə həllinə tərəfdardır. Amma, görünür, hələ də Ermənistanda hakim qüvvələr sülhə hazır deyillər və bunun mahiyyətini anlamırlar. Onlar yalnız xaricdən dəstək almaqla hakimiyyətdə qalmağa çalışırlar. Bu da sülh prosesini çətinləşdirir. Qondarma respublikada referendumun keçirilməsi də bir oyundur. ABŞ, Rusiya və digər dövlətlər, eləcə də Avropa Şurası, ATƏT, BMT kimi nüfuzlu beynəlxalq təşkilatlar referendumun nəticələrini tanımayacaqlar. Hesab edirəm ki, bu yalnız boş yerə pul xərcləmək, bölgədə sülhün bərqərar olmasına əngəl törətməkdən başqa bir şey deyildir. Avropa Şurası və onun Siyasi Məsələlər Komitəsi də, yəqin ki, bu oyuncaq referendumla bağlı öz mövqelərini bildirəcəklər.
İclasda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, daxili işlər naziri Ramil Usubov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak etmişlər.
Sonra iclas mətbuat üçün qapalı keçirilmişdir.
Siyasi Məsələlər Komitəsinin iki gün davam edəcək iclaslarında Azərbaycan hakimiyyət orqanları nümayəndələri ilə fikir mübadiləsi aparılacaq, Avropada insan hüquqları və demokratik vəziyyət, enerji təminatından siyasi təzyiq kimi istifadə olunması təhlükəsi, siyasi partiyalar üçün müsbət təcrübə kodeksi, Kosovoda və Çeçenistandakı mövcud vəziyyət müzakirə olunacaq, Manteneqro dövlətinin Avropa Şurasına üzvlüklə bağlı müraciətinə baxılacaqdır.
İclas dekabrın 12-də işini davam etdirəcəkdir.