Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). Niderland Krallığının Rotterdam şəhərinin meri Əhməd Əbutalibin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində noyabrın 21-də Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda hər iki tərəfdən gəmiqayırma, sənaye, konsaltinq və loqistika sahələrində fəaliyyət göstərən 50-yə yaxın şirkətin nümayəndəsi iştirak etmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin aparat rəhbəri Samir Vəliyev Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. O, hər iki ölkənin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini, iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirmişdir.
Vurğulanmışdır ki, Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sənədlər imzalanmışdır. Ölkələrimiz arasında ticarət və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində Niderland sərmayəli şirkətlər uğurla fəaliyyət göstərirlər.
Samir Vəliyev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən iri layihələr barədə də geniş məlumat vermişdir. Bildirilmişdir ki, uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Bundan əlavə, mühüm coğrafi mövqedə yerləşən Azərbaycan geniş tranzit imkanlarına malikdir. Aparat rəhbəri Niderland şirkətlərinin bu imkanlardan yararlana biləcəklərini qeyd etmiş, biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır.
Niderland Krallığının Rotterdam şəhərinin meri Əhməd Əbutalib rəhbərlik etdiyi şəhərin əsas sahələri barədə danışmışdır. Azərbaycanlı sahibkarları Rotterdamın iş adamları ilə fəal əməkdaşlığa dəvət çağıran Ə.Əbutalib Niderlandın biznes və investisiya imkanları barədə təqdimatla çıxış etmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov və Niderlandın İxracın Təşviqi Şurasının Mərkəzi və Şərqi Avropa üzrə regional meneceri xanım Villemiek Evertsin biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış etmişlər.
Sonra Niderland şirkətlərinin təqdimatları dinlənilmiş, Rotterdam şəhərinə dair videoçarx nümayiş olunmuş, iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.