BAKIDA “BAKUBUİLD-2004” 10-CU AZƏRBAYCAN BEYNƏLXALQ İNŞAAT SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, açılış mərasimində respublika Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev, Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti İlkin Ələsgərov, İTE Group PİC-in Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Eduard Stroon, Azərbaycanda Sərmayələrin Təşviqi və Məsləhət Fondunun prezidenti vəzifəsini icra edən Emil Məcidov və başqaları çıxış edərək iştirakçıları salamlamış, sərginin əhəmiyyətindən danışmış, işinə uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, Böyük Britaniyanın İTE Group PİC sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı İteca Caspian şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın 25 ölkəsindən 150 şirkət təmsil olunmuşdur.
Çıxış edənlər sərginin yerli və xarici şirkətlərlə işgüzar əlaqələrin qurulmasına, mövcud əməkdaşlığın genişlənməsinə, qabaqcıl təcrübədən bəhrələnməyə, bir sıra perspektiv layihələrin yaradılmasına və əlverişli sazişlərin bağlanmasına böyük təkan verəcəyini bildirmişlər. Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar pavilyonlarla tanış olmuşlar.
Sərgidə tikinti materialları və xidmətləri, hamam və hovuzlar, istilik sistemləri, dam örtüyü və bəzək materialları, elektrotexnika avadanlığı, sanitariya texnikası, aksessuarlar və s. nümayiş etdirilir. Builki sərgidəki ekspozisiyaların sayı ötən illə müqayisədə 60 faiz çoxdur.
Dövlət Tikinti və Arxitektura Komitəsi, Ticarət və Sənaye Palatası, Sərmayələrin Təşviqi və Məsləhət Fondu, Azərbaycan Memarlar və Dizaynerlər ittifaqları, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rəsmi dəstək almış sərgidə Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, İran, İtaliya, Gürcüstan, Qazaxıstan, Polşa və digər dövlətlərin tanınmış şirkətləri təmsil olunmuşlar. Budəfəki yubiley sərgisində respublikamızı təmsil edəcək şirkətlərin payı 60 faiz olacaqdır.
Sərgi sentyabrın 25-dək davam edəcəkdir.