BAKIDA BANK SİSTEMİNİN İNKİŞAFINA DAİR BİRİNCİ BEYNƏLXALQ KONFRANS AÇILMIŞDIR
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara təbrik məktubu oxundu. Məktubda bu tədbirin bank sektorunun və ümumən bütün iqtisadiyyatın inkişafı üçün əhəmiyyəti vurğulanır.
Azərbaycan Milli Bankı İdarə heyətinin sədri Elman Rüstəmov forumun açılışında çıxış edərək dedi ki, ölkəmizdə uğurla aparılan islahatlar yaxın illərdə əhalinin rifahının yüksək sürətlə artacağından danışmağa əsas verir. O, bank sektorunun inkişafından söz açaraq bildirdi ki, bu sahədə islahatlara 1996-cı ildə başlanıb və uğurla davam etdirilir, bank sektoru ölkədə iqtisadi layihələrin gerçəkləşdirilməsinə bundan sonra da müvafiq reaksiya verəcəkdir.
Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru xanım Donna Dousset-Koyrolo beynəlxalq konfransın keçirilməsini yüksək qiymətləndirərək dedi ki, indi Azərbaycanda bir çox istiqamətlərdə irimiqyaslı islahatlar aparılır. Əsas təşkilatçısı özəl bank olan indiki konfrans buna daha bir sübutdur. D.Dousset-Koyrolo vurğuladı ki, dünya maliyyə qurumları buna böyük əhəmiyyət verir, çünki dövlət sektoru ilə özəl sektor arasında əməkdaşlığın olması iqtisadiyyatın dinamik inkişafının yaxşı göstəricisidir və Azərbaycan buna keçmiş Sovet İttifaqı respublikaları arasında birincilər sırasında nail olubdur.
Konfransda müzakirə ediləcək əsas məsələlər bank sektorunun inkişaf strategiyasının hazırlanması, bank qanunvericiliyinin digər normativ aktlarla əlaqəsi, dövlət banklarının özəlləşdirilməsi ilə bağlıdır.
Azərbaycan Milli Bankı, “AtaBank”, “AtaHoldinq” tərəfindən təşkil olunmuş forum noyabrın 14-də başa çatacaqdır.