Bakıda bir sıra tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir
Bakı, 28 dekabr (AZƏRTAC). 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Bakıda bir sıra səhiyyə müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yeni istifadəyə verilmiş tibb müəssisələrindən biri 6 nömrəli birləşmiş şəhər xəstəxanasıdır. 180 çarpayılıq xəstəxanada 7 şöbə fəaliyyət göstərir. Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş şöbələrdə əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərilməsi üçün bütün lazımi şərait yaradılmışdır.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 32 çarpayılıq Cərrahiyyə klinikası da beynəlxalq standartlara uyğun təmir olunaraq tibbi cihazlarla təchiz edilmişdir.
Bundan əlavə, 100 çarpayılıq 5 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanasında, eləcə də 3 nömrəli uşaq stomatoloji poliklinikasında da balacaların müayinə və müalicəsi üçün hər cür şərait yaradılmışdır.
Eyni zamanda, 24 nömrəli birləşmiş şəhər xəstəxanasının, 2 nömrəli vərəm əleyhinə dispanserin və Hovsan qəsəbəsindəki 23 nömrəli şəhər poliklinikasının da açılışı olmuşdur. Bu tibb müəssisələrində biokimyəvi və kliniki laboratoriyalar, kardioloji, stomatoloji, oftalmoloji, cərrahiyyə və lor kabinetləri, USM, rentgen və manipulyasiya otaqları lazımı tibbi cihaz və avadanlıqla təchiz olunmuşdur.
Lökbatan qəsəbəsindəki 19 nömrəli birləşmiş şəhər xəstəxanasının da reanimasiya zalı və cərrahiyyə blokları tam yenilənmişdir. Həmçinin 2 nömrəli dəri-zöhrəvi dispanseri, Puta qəsəbəsindəki 9 nömrəli şəhər xəstəxanası, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının 19 saylı köməkçi stansiyası da əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir.