Bakıda Birinci Cənubi Qafqaz Forumu işə başlamışdır
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də Bakıda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Madrid Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə Birinci Cənubi Qafqaz Forumu işə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak etmişlər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Forumu açaraq tədbirin əhəmiyyəti haqqında danışdı. O, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.
Sonra İordaniya Kraliçası Ülyahəzrət Nur, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa, Madrid Klubunun prezidenti, Niderlandın keçmiş Baş naziri Vim Kok çıxış etdilər.
Forumda Madrid Klubunun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın müxtəlif ölkələrindən 300-dən çox ekspert, yüksək səviyyəli rəsmilər, sabiq dövlət və hökumət başçıları, alimlər iştirak edirlər.