Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində “Təhsildə İKT” mövzusunda seminar keçirilir
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində “Təhsildə İKT” mövzusunda üçgünlük seminar işə başlayıb.
Tədbirə Azərbaycan, Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Latviya, Çexiya və digər ölkələrdən olan müəllimlər və “eTwinning” layihəsi üzrə nümayəndələr qatılıblar.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsini icra edən Vüsal Xanlarov ölkəmizdə təhsilə xüsusi önəm verildiyini vurğulayıb.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən V.Xanlarov bu sənədə uyğun olaraq reallaşdırılan tədbirlərdən danışıb.
Bildirilib ki, müvafiq layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Ölkəmizin də iştirak etdiyi “eTwinning Plus” layihəsinin əsas məqsədi pedaqoji işçilər arasında əməkdaşlıq imkanlarını genişləndirmək, 35 Avropa ölkəsindən olan həmkarlar ilə birgə təhsilin inkişafı istiqamətində müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.
Seminarın keçirilməsinin məqsədi layihədə iştirak edən müəllimlərin bilik və bacarıqlarını artırmaq və layihənin Azərbaycanda genişləndirilməsini təmin etməkdir.
Mayın 25-də başa çatacaq seminar çərçivəsində həm xarici, həm də yerli mütəxəssislərin rəhbərliyi ilə İKT-nin təhsildə tətbiqini, layihə əsaslı təhsili və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil olunacaq.
Qeyd edək ki, “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycanda bu günədək 244 məktəbdən 660 müəllimin iştirakı ilə 742 təhsil layihəsi həyata keçirilib.
Eyni zamanda, “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədilə online təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunur. Bu layihə Azərbaycanda 2016-cı ildən etibarən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.