CƏMİYYƏT
BAKIDA GÖRKƏMLİ ALİM MUSTAFA TOPÇUBAŞOVUN BÜSTÜ QOYULMUŞDUR
İyunun 14-də akademik Mustafa Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunun binası önündə bu görkəmli alimin, ictimai xadimin büstünün açılış mərasimi olmuşdur. Büstün müəllifi xalq rəssamı, akademik Ömər Eldarovdur.
Səhiyyə naziri Əli İnsanov mərasimi açaraq bildirdi ki, bu tədbir iki əlamətdar bayram - Milli Qurtuluş günü və Tibb işçiləri günü ərəfəsində keçirilir. Nazir respublikamızın müasir tarixində dönüş mərhələsi olmuş Milli Qurtuluş günü münasibətilə Azərbaycan Prezidenti Heydər Əliyevi ölkənin tibb işçiləri adından təbrik etdi.
Əli İnsanov akademik Mustafa Topçubaşovun Azərbaycan təbabəti tarixindəki rolundan danışaraq, Prezident Heydər Əliyevin 1995-ci ildə alimin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə dediyi sözləri iqtibas gətirdi ki, akademik Mustafa Topçubaşovun elmi irsi Azərbaycan xalqının sərvətidir.
Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov alimin elmi və ictimai fəaliyyəti barədə ətraflı məlumat verərək dedi ki, tibb sahəsində ilk azərbaycanlı elmlər doktoru olan Mustafa Topçubaşov elmimizin tarixinə Azərbaycan cərrahlıq məktəbinin banisi, cərrahiyyə əməliyyatlarında bir sıra yeni üsulların müəllifi kimi daxil olmuşdur. Mustafa bəy geniş elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkənin ictimai həyatında da fəal iştirak etimişdir. O, Azərbaycan Ali Sovetinin sədri, Respublika Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri, Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri olmuşdur.
Sonra mərasimdə Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanov, Elmi Tədqiqat Klinik Təbabət İnstitutunun direktoru, respublika Cərrahlar Cəmiyyətinin sədri, akademik Böyükkişi Ağayev çıxış etdilər. Akademik Topçubaşovun tələbəsi, ATU-nun dosenti Qəmbər Hüseynov müəllimi haqqında xatirələrini danışdı və ona həsr etdiyi şerlərini oxudu.
Akademik Topçubaşovun qızı, Səhiyyə Nazirliyinin baş ginekoloqu, dosent Zemfira Topçubaşova atasının xatirəsinə göstərilən diqqətə görə respublika rəhbərliyinə, mərasim iştirakçılarına səmimi minnətdarlığını bildirdi.
Mərasimdə Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, Milli Məclisin deputatı, akademik Cəlal Əliyev, tibb ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.