Bakıda Hindistanın milli bayramı qeyd edilib
Bakı, 26 yanvar, Zaur Baxışlı, AZƏRTAC
Yanvarın 26-da Hindistanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilib.
Səfir Sanjay Rana ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı əlaqələrdən danışıb. O bildirib ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ölkələrdən biri də Hindistandır. Azərbaycan-Hindistan əlaqələri bundan sonra daha da inkişaf edəcək.
Xarici işlər nazirinin müavini Xələf Xələfov əlamətdar gün münasibətilə Hindistan xalqını Azərbaycan hökuməti adından təbrik edib. O deyib ki, ölkələrimiz arasında münasibətlər xalqlarımızın rifahı naminə inkişaf edir. Nazir müavini Azərbaycanın bütün ölkələrlə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu baxımdan Hindistan ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi önəmlidir.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.