Bakıda İÇV problemlərinə həsr edilmiş konfrans keçirilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərində immun çatışmazlığı virusuna (İÇV) yoluxmuş insanların sayının artdığı bir vaxtda regionun beş ölkəsi bu sahədə əsas maneələrdən birini aradan qaldırmağa - yeniyetmələrin İÇV problemini sərbəst müzakirə etməsinə və onlarda infeksiya olub-olmamasını müəyyən etmək üçün test yoxlamasından keçmək imkanını təmin etməyə səy göstərir. Bu barədə AZƏRTAC-a UNİCEF-in ölkəmizdəki nümayəndəliyində məlumat verilmişdir.
Gələn həftə Ümumdünya QİÇS-ə qarşı Mübarizə Günü qeyd ediləcəkdir. Bu ərəfədə yeniyetmələr üçün İÇV test yoxlamasından keçmək imkanının genişləndirilməsi məsələlərinə həsr olunmuş üç günlük konfrans noyabrın 29-da başa çatmışdır. Tədbirdə konfransa ev sahibliyi edən Azərbaycanla yanaşı, Belarus, Gürcüstan, Moldova və Ukrayna nümayəndələri də iştirak etmişdir. Konfransın işi tarixdə ilk dəfə keçirilən “Avropa İÇV-test həftəsi” ilə eyni vaxta düşmüşdür. Bu tədbir də noyabrın 29-da başa çatmışdır.
Tərəfdaşların və ekspertlərin Bakı görüşünün məqsədi bu sahədə irəliləyişləri müzakirə etmək, yeni məlumatları təhlil etmək, yeniyetmələrin İÇV infeksiyasına yoluxma riski ilə bağlı məsələlər barədə məlumatını artırmalı olan strategiya və innovasiya yanaşmalarını qiymətləndirmək, yeniyetmələrin müvafiq xidmətlərə müraciət etmələrinə, İÇV test yoxlamasından maneəsiz keçmələrinə şərait yaratmaqdan ibarətdir. Konfrans Avropa İttifaqı və UNİCEF tərəfindən dəstəklənən təşəbbüs çərçivəsində təşkil edilmişdir. Bu təşəbbüsün məqsədi İÇV yoluxma riski yüksək olan qrupa aid yeniyetmə və gənclərə məsləhət yardımı göstərmək, İÇV test sisteminin əhatə dairəsini genişləndirməkdir. Konfrans iştirakçıları gənclərin bu yaş qrupunun tələbatına daha uyğun olan xidmətlər təqdim edilməsinə yönəlmiş yanaşmaların hazırlanmasına cəlb etməyin vacibliyini vurğulamışlar. Qeyd edilmişdir ki, İÇV test yoxlamaları zamanı məxfilik və könüllülük prinsipinə riayət edilməsi, bu fəaliyyətin mövcud etik normalar və ictimai səhiyyə qurumları çərçivəsində həyata keçirilməsi zəruridir.
Avropada İÇV-yə yoluxmuş 2,3 milyon insanın ən azı üçdə bir hissəsi bunu heç ağlına da gətirmir. Yeni yoluxma hallarının əksəriyyəti İÇV-yə yoluxmuş insanların iştirakı ilə baş verir. Bu insanlara hələ rəsmi diaqnoz qoyulmadığı üçün onlar bu infeksiyanı başqalarına keçirmək riskindən xəbərsiz olur. Yuxarıda adı çəkilən təşəbbüsün həyata keçirilməsi dünyanın başqa əraziləri ilə müqayisədə İÇV yoluxmalarının kəskin artmasının qeydə alındığı region üçün həlledici əhəmiyyətə malikdir.
UNİCEF-in bu gün dərc edilmiş məruzəsində göstərilir ki, hazırda 10-19 yaşlarında 2 milyondan çox yeniyetmə İÇV-yə yoluxmuşdur. Yeniyetmələr üçün səmərəli və məqbul xidmətləri təşkil etmək imkanının olmaması bu yaş qrupunda QİÇS ilə bağlı qeydə alınmış ölüm hallarının 50 faiz artmasına səbəb olmuşdur. Halbuki 2005-2012-ci illərdə bütövlükdə əhali arasında həmin səbəbdən ölüm halları əmsalı 30 faiz azalmışdı.
Mövcud maneələr xüsusən cəmiyyətin ən çox marginallaşmış təbəqələrinə aid, o cümlədən kişilərlə cinsi əlaqədə olan cavan oğlanlar, inyeksiya şəklində narkotiklərdən istifadə edən narkomanlar, habelə seks sənayesinə cəlb edilmiş və küçədə işləyən yeniyetmələr üçün test yoxlaması və məsləhət yardımı almaqda əngəllər törədir. Belə maneələr sırasına test yoxlamasından keçmək üçün valideynlərin razılığının alınması, pulsuz məsləhət və test yoxlamalarından keçməyin mümkün olmaması, yoluxma riskini və İÇV test yoxlamasından keçməyin zəruri olduğunu dərk etməyin aşağı səviyyədə olması kimi səbəbləri aid etmək olar.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard demişdir: “Bütün uşaqların öz həyatında ikinci onilliyə QİÇS-dən azad şəkildə daxil olmaları üçün yeniyetmə yaşında İÇV-nin profilaktikası və müalicəsi məsələlərinə daha artıq diqqət yetirilməlidir”.
Birliklər səviyyəsində işləyən müxtəlif təşkilatların səylərini dəstəkləmək və birləşdirmək, habelə onların milli hökumətlərlə daha möhkəm qarşılıqlı əlaqə yaratmalarına kömək məqsədilə konfrans iştirakçıları yeniyetmələrin bu probleminə münasibətinə, habelə onlara məsləhət yardımı və İÇV test yoxlamasından keçməklə bağlı ən son məlumatlar öyrənilmişdir. 3300 yeniyetmə və gənc arasında aparılmış onlayn sorğuların köməyilə əldə edilmiş bu məlumatlar təhlil olunaraq, İÇV məsələlərinə dair test yoxlaması və məsləhət imkanları verən mühit yaradılması üçün səylər qiymətləndirilmişdir. Buraya qanunvericiliyin yenidən nəzərdən keçirilməsi, hökumətlərlə vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın möhkəmlənməsi və müvafiq xidmətlər potensialının artırılması məsələləri daxildir. Bütün bunlar test yoxlamasına tələbatın artmasına, yeniyetmələr üçün İÇV məsələlərinə dair məsləhət yardımı alınmasına, habelə İÇV-yə yoluxmuş yeniyetmələrə qulluq və dəstək işlərinin genişlənməsinə şərait yaratmalıdır. Bu cür xəstələrə qulluq edən şəxslərin və “səyyar” sosial işçilərin müvafiq vərdişlərə yiyələnməsi üçün innovasiyalı kompyuter və internet metodları nəzərdən keçirilmişdir. Yeniyetmələrin öz İÇV-statusunu öyrənməsinə motiv yaratmaq üçün bu cür vərdişlər zəruridir.