Bakıda İİV ilə bağlı regional görüş başa çatmışdır
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 26-dan Bakıda BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Yeniyetmələr və gənclər üçün İİV ilə bağlı məsləhət və testdən keçmə xidmətlərinin genişləndirilməsi imkanı” mövzusunda regional görüş başa çatmışdır.
UNICEF-in Azərbaycan nümayəndəliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Dünya QİÇS günü ərəfəsində yeniyetmələrin testdən keçməsinin təşviqi məqsədini daşıyan konfrans, 22-29 noyabr tarixlərini əhatə edən və ildə bir dəfə keçirilən “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” ilə eyni vaxta təsadüf etmişdir.
Tərəfdaşlar və ekspertlər yeniyetmələr arasında İİV ilə bağlı risklər haqqında məlumatlılığı yüksəltmək məqsədi ilə əldə edilmiş irəliləyişi nəzərdən keçirmək, yeni tapıntı, strategiya və yenilikləri qiymətləndirmək, eləcə də yeniyetmələrin maneə və əngəllərlə üzləşmədən İİV test xidmətləri əldə etmələrini asanlaşdırmaq üçün Bakıda bir araya gəlmişlər. Görüşdə məxfilik prinsiplərinin qorunması, testdən keçmənin könüllülük xarakteri, eləcə də mövcud etik və dövlət səhiyyə xidmətləri çərçivəsində çalışmaq məsələləri diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, bu tədbir dünya miqyasında İİV üzrə bəzi ən yüksək artmaların müşahidə olunduğu region üçün irəliyə doğru çox önəmli bir addımdır.
Konfrans iştirakçıları İİV test və məsləhət xidmətləri ilə bağlı yeniyetmələrin yanaşmaları və hərəkətləri üzrə 3300 yeniyetmə və gənclər arasında aparılmış onlayn sorğulardan əldə olunmuş məlumatları təhlil etmiş, qanunvericiliyə yenidən baxılmalar, hökumət və vətəndaş cəmiyyəti əməkdaşlığının gücləndirilməsi, yeniyetmələr üçün İİV test və məsləhət xidmətlərinə çıxışın yüksəldilməsi və İİV ilə yaşayan yeniyetmələrə qayğı və dəstəyin verilməsi məqsədi ilə test və məsləhət xidmətləri üçün daha əlverişli mühitin yaradılması məqsədi ilə mövcud səyləri nəzərdən keçirərək qiymətləndirmişlər.