Bakıda İndoneziyanın müstəqilliyinin 72-ci ildönümü qeyd edilib
Bakı, 6 sentyabr, AZƏRTAC
İndoneziyanın Azərbaycandakı səfirliyi ölkənin müstəqilliyinin 72-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Qəbulda çıxış edən səfir Hüsnan Bəy Fənani ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. O bildirib ki, bu bayram həm də Azərbaycan ilə diplomatik münasibətlərin qurulmasının 25-ci ilinə təsadüf edir. İndoneziya Azərbaycanı özünə dost və tərəfdaş hesab edir. İkitərəfli siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Son beş ildə İndoneziya və Azərbaycan arasında 40-dan çox yüksək səviyyəli səfərlər təşkil edilib. Xalqlarımızın bir-birinin mədəniyyətinə böyük hörməti var. Bu gün 67 azərbaycanlı gənc Azərbaycan Dillər Universitetində İndoneziya dilini öyrənir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qəbulda çıxış edərək Azərbaycan hökuməti adından İndoneziya xalqını əlamətdar gün münasibətilə təbrik edib. Nazir bildirib ki, ölkələrimiz arasında dostluq əlaqələri bütün sahələrdə inkişaf edir. İndoneziya Azərbaycanı bütün müstəvilərdə dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Bakının mövqeyindən çıxış edir.
Nazir İndoneziya ilə Azərbaycan arasında mövcud iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bunun üçün iki ölkənin müvafiq qurumlarının tədbirlər görməli olduğunu bildirib.