BAKIDA İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATINA ÜZV ÖLKƏLƏRİN ƏTRAF MÜHİT ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 22-də “Abşeron” mehmanxanasında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ətraf mühitin mühafizəsi üzrə işçi qrupunun iclası olmuşdur. Tədbirdə Azərbaycan, Türkiyə, İran, Türkmənistan, Özbəkistan nümayəndələri iştirak etmişlər.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirmişdir ki, lokal ekoloji problemlərin regional və qlobal xarakter almaması ücün bu sahədə birgə tədbirlərin həyata keçirilməsini aktuallaşdırır. Bununla bağlı İƏT-ə üzv ölkələrin ekologiya mövzusunda fəaliyyət planı işlənmişdir.
Bu baxımdan Azərbaycan İƏT-in üzv ölkələri ilə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Ətraf mühitin mühafizəsi üzrə Azərbaycan, Türkiyə və İranla hökümətlərarası saziş imzalamış, Qazaxıstanla isə müqavilə layihələri isə baxılmaq üzrədir.
Ölkəmizdə ekoloji problemlərin həlli məqsədi ilə bir sıra milli proqramlar qəbul olunmuş və müvvəfəqiyyətlə həyata keçirilir. Azərbaycanda 8 milli park, 12 dövlət qoruğu, 21 yasaqlıq mövcuddur. Son illər mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 730 min hektara çatmışdır. Yaşayış məntəqələrinin su ilə təchizatını yaxşılaşdırmaq məqsədi ilə 50 məntəqədə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Bundan əlavə Xəzər dənizinin çirklənmədən qorumaq üçün bir sıra tədbirlər həyata keçirilir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Enerji, Faydalı qazıntılar və Ətraf mühitin mühafizəsi üzrə direktorluğunun rəhbəri Əli Xanbutayev ekoloji problemlərin həllində İƏT-ə üzv ölkələrin beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndırılməsinin vacibliyini vurğulamışdır. O demişdir ki, işçi qruplarının iclasları İƏT-ə üzv ölkələrin ətraf mühitin mühafizəsi üzrə hazırlanmış fəaliyyət planının kompleks şəkildə həyata keçirilməsində öz töhfələrini verir.
İclas iştirakçıları ətraf mühitin mühafizəsi üzrə 2008-2009-cu illərdə görüləcək işlər barədə müzakirələr aparmışlar. İclasın yekun nəticəsi kimi noyabrda İslamabadda ekologiya nazirlərinin 4-cü görüşünə hesabat hazırlanacaqdır.