BAKIDA İSLAM İNKİŞAF BANKININ BEYNƏLXALQ İNVESTİSİYA KONFRANSI KEÇİRİLİR
Tədbiri giriş sözü ilə açan iqtisad inkişaf naziri Heydər Babayev demişdir ki, konfransda İslam İnkişaf Bankının (İİB) üzvü olan ölkələrdən 100-dən çox iş adamı, habelə Azərbaycanın dövlət orqanlarının, ölkəmizdəki səfirliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin təmsilçiləri, yerli iş adamları iştirak edirlər. Nazir əmin olduğunu bildirmişdir ki, beynəlxalq konfrans bankın üzvü olan ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.
Müqəddəs “Qurani-Kərim”dən ayələr oxunduqdan sonra iqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxumuşdur.
Tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirən İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin rəhbərlik etdiyi maliyyə qurumu üçün prioritet olduğunu demişdir. O bildirmişdir ki, İİB-ə üzv olan ölkələr arasında qarşılıqlı investisiya qoyuluşlarının həcminin artırılması üçün bank xüsusi proqram həyata keçirir, beynəlxalq konfranslar təşkil edir. Bakıda keçirilən Beynəlxalq İnvestisiya Konfransının da bu cür tədbirlərdən olduğunu diqqətə çatdıran Əhməd Məhəmməd Əli demişdir ki, hələ 1996-cı ildə Azərbaycanda bu cür konfrans təşkil olunmuşdu. Çox mütərəqqi idarəetmə nəticəsində Azərbaycan iqtisadiyyatı ötən müddətdə xeyli inkişaf etmişdir. Əgər 1995-ci ildə Azərbaycanda ixracın ümumi həcmi 547 milyon ABŞ dolları təşkil edirdisə, ötən il bu rəqəm 4,5 milyard dolları ötmüşdür.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsinin ölkə iqtisadiyyatının inkişafının daha da sürətləndirdiyini diqqətə çatdıran İİB prezidenti, 2005-ci ildə ümumi daxili məhsulun (ÜDM) 26 faizlik artım səviyyəsinə və əhalinin hər nəfərinə düşən xarici sərmayələrin həcminə görə Azərbaycanın dünyada ən öncül yerlərdən birini tutduğunu demişdir. Respublikamızın Beynəlxalq Valyuta Fondunun 2006-cı ildə ÜDM-in artım səviyyəsi ilə bağlı proqnozlarını ötüb keçdiyini vurğulayan Əhməd Məhəmməd Əli, İİB-in indiyədək Azərbaycanda həyata keçirilən 26 layihəyə vəsait ayırdığını bildirmişdir. Bir neçə layihənin müzakirəsi isə davam etdirilir.
Bankın prezidenti Bakıda İİB-in regional tədqiqat mərkəzinin yaradılacağını demiş, Azərbaycan hökumətinin təşəbbüslərini dəstəkləməyə hazır olduqlarını bildirmişdir.
Sonra xarici və yerli investorların nümayəndələri çıxış edərək, Azərbaycan iqtisadiyyatının inkişafından, əldə olunan uğurlardan, əlverişli biznes və sərmayə mühitindən danışmışlar.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatın inkişafı sahəsində qazandığı uğurlar ölkəmizin nüfuzunu yüksəltmiş, respublikamızı regionda lider dövlətə çevirmişdir.
Daha sonra tədbir iştirakçıları sarayda təşkil olunmuş ticarət sərgisində nümayiş olunan yerli məhsullara baxmışlar.
Fasilədən sonra iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişaf perspektivləri və investisiya mühitinə dair təqdimat ilə çıxış etmişdir.
Bildirilmişdir ki, ölkəmiz müstəqilliyin ilk illərində böyük çətinliklərlə üzləşmiş, lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra problemlər tədricən həll olunmuş, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsinə başlanmış, böyük uğurlar qazanılmışdır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar keyfiyyətcə yeni, daha yüksək mərhələyə qədəm qoymuş, ölkənin inkişafı daha da sürətlənmişdir. Aparılan islahatlar nəticəsində 1996-cı ildə tənəzzülə son qoyulmuş və həmin ildən bugünədək ÜDM-in həcmi təxminən 3,8 dəfə artmışdır. Hazırda Azərbaycan inkişaf templərinə görə dünya ölkələri arasında ön sıralara çıxmış, regionun liderinə çevrilmişdir. Yaxın 4 ildə ÜDM-in həcminin 2005-ci illə müqayisədə təxminən 2,7 dəfə artacağı proqnozlaşdırılır.
Dövlət mülkiyyətinin özəlləşdirilməsi, torpaq islahatlarının həyata keçirilməsi və sahibkarlığın inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində özəl sektorun ÜDM-də payı əhəmiyyətli dərəcədə artaraq 76 faizə çatmış, əhalinin gəlirləri yüksəlmiş, sosial xidmətlərin həcminin və keyfiyyətinin artırılması nəticəsində yoxsulluğun səviyyəsi 46 faizdən 29 faizə enmiş, son 10 ildə xarici ticarət dövriyyəsi 6,5 dəfə artmışdır. Ötən müddətdə ölkəmizdə investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı əhəmiyyətli tədbirlər görülmüş, bazar iqtisadiyyatı prinsipləri əsasında vahid valyuta məzənnəsi formalaşmışdır. Bu tədbirlər xarici investorların, beynəlxalq maliyyə qurumlarının Azərbaycana olan marağını daha da artırmış, ölkə iqtisadiyyatına 23 milyard ABŞ dollarından çox xarici sərmayə cəlb edilmişdir.
Əhalinin hər nəfərinə düşən xarici investisiyaların həcminə görə Azərbaycan nəinki postsovet məkanında, hətta Şərqi Avropa ölkələri arasında ən qabaqcıl yerlərdən birini tutur. Bu günədək 25 ölkə ilə investisiyaların qarşılıqlı qorunması, 17 ölkə ilə isə ikiqat vergitutmanın aradan qaldırılması barədə sazişlər imzalanmışdır. Proqnozlara görə, 2010-cu ilədək Azərbaycan iqtisadiyyatına 10 milyard dollara yaxın xarici sərmayə qoyulacaqdır. Hazırda dünyanın 130-dan çox ölkəsi ilə ticarət əlaqələri qurmuş Azərbaycanda 2006-cı ilin ötən dövründə ixracın həcmi ötən illə müqayisədə 1,6 dəfə artmışdır.
M.Cabbarov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin həyata keçirilməsinin nəinki Azərbaycanın iqtisadi inkişafına, eləcə də region ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə, iqtisadi qüdrətin artmasına, burada yaşayan xalqların daha firavanlığına xidmət etdiyini diqqətə çatdırmışdır.
Neft sektorunda əldə edilmiş uğurlar iqtisadiyyatın digər sahələrinin inkişafına təkan vermişdir. Bu baxımdan kimya, metallurgiya, elektroenergetika, yeyinti sənayesində, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, nəqliyyat, tikinti, informasiya-kommunikasiya texnologiyaları, turizm sahələrində müşahidə olunan yüksək inkişaf templəri Azərbaycanla əməkdaşlıq üçün əlverişli şərait yaradır.
Azərbaycanın əlverişli coğrafi-siyasi mövqeyinin burada istehsal olunan məhsulların Orta Asiya respublikalarına, İrana, Fars körfəzinin digər ölkələrinə, Rusiyaya ixrac etməyə, bu dövlətlərin şirkətləri ilə işbirliyi qurmağa imkan verdiyini diqqətə çatdıran nazir müavini, konfransda iştirak edən xarici iş adamlarını ölkəmizə investisiya qoymağa çağırmışdır.
Sonra biznes layihələrinin və yerli şirkətlərin təqdimatı olmuşdur.
Konfrans işini noyabrın 9-da davam etdirəcəkdir.