BAKIDA İSRAİL-AZƏRBAYCAN TİKİNTİ BİZNES FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 8-də “Park İNN-Azərbaycan” mehmanxanasında İsrailin ölkəmizdəki səfirliyi, İsrail İxrac və Beynəlxalq Əməkdaşlıq İnstitutu və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə İsrail-Azərbaycan tikinti biznes forumu keçirilmişdir.
Tədbirdə İsrailin Azərbaycandakı səfiri Artur Lenk son illər ölkələrimiz arasında iqtisadi, mədəni və s. sahələrdə əlaqələrin daha da genişləndiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan İtaliyadan sonra İsrailin ikinci ticarət tərəfdaşıdır. Buna baxmayaraq, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hələ geniş imkanlar mövcuddur. İsrailin informasiya texnologiyaları, kənd təsərrüfatı, tikinti və digər sektorlarda böyük təcrübəsini qeyd edən səfir ölkəsinin dost Azərbaycan dövlətinə bu sahələrdə kömək etməyə hazır olduğunu vurğulamışdır.
Məlumat verilmişdir ki, 2007-ci ildə İsrailin tikinti ilə bağlı ixracı 3 milyard ABŞ dolları məbləğində olmuşdur. Bugünkü tədbirdə iştirak edən 6 qabaqcıl tikinti şirkətlərinin nümayəndələri Azərbaycan iş adamları ilə təcrübələrini bölüşməyə, birgə layihələr həyata keçirməyə hazırdırlar.
Səfir son zamanlar İsraildən Azərbaycana müxtəlif sahələr üzrə dörd nümayəndə heyətinin gəldiyini də bildirmiş, bu səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafında əhəmiyyətli olacağını diqqətə çatdırmışdır.
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin direktoru Cəbrayıl Xanlarov qurum və onun fəaliyyəti barədə məlumat vermiş, İsrail tikinti şirkətlərinin müasir təcrübəsindən Azərbaycanda istifadə edilməsinin əhəmiyyətindən danışmışdır.
AZPROMO-nun məsul işçisi Emil Əliyev Azərbaycanda biznes imkanları üçün perspektivlər barədə danışaraq iştirakçıları əməkdaşlığa dəvət etmiş, İsrail İxrac və Beynəlxalq Əməkdaşlıq İnstitutunun nümayəndəsi Arik Rat ölkəsinin iqtisadiyyatı ilə bağlı məlumat vermişdir.
İsrailin “BetoFirt”, “Electronic Line”, “Hassin-Esh”, “Nirlat”, “Kedmor” və “Tambour Ltd.” şirkətlərinin nümayəndələri qurumlarının fəaliyyəti haqqında, tikintidə istifadə etdikləri müasir texnologiyalar barədə danışmışlar.
Sonra tədbir dialoqla davam etmiş, Azərbaycan və İsrail iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.